AZƏRBAYCAN QADINI
Xomar Cəfərli
M.Ə.Rəzulzadə yazırdı: "Rus istilasının yaxşılığı bu oldu ki, azərbaycanlılar özlərinin ictimai bir vücud, xüsusi mədəni qurumlarını daşıyan bir cəmiyyət, yəni farslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar. Azərbaycan Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiri ilə xalq Şərq şübhə və xülyalarından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yol tapır, böyüyür, inkişaf edirdi".
Rusiyada qəbul edilən bütün qərarlar əyalətlərə də şamil edildiyindən təhkimçilik hüququnun ləğvi ilə 19-cu əsrin ikinci yarısından etibarən ilk dəfə Azərbaycanda insan haqları, o cümlədən
qadın haqları problemi aktuallaşır.
Azərbaycanda cinsi ayrıseçkilik tarixini araşdırarkən arxivdə elə sənədlərlə qarşılaşırıq ki, məəttəl qalırıq: sən demə, Azərbaycanda qadınların hüquqları uğrunda hərəkata ilk dəfə kişilər başlayıblar -19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində qadınların hüquq və azadlığı uğrunda Qərbin humanist və demokratik prinsipləri üzərində tərbiyə görən kişi ziyalılar mübarizə aparırdılar. Həmin kişilər cəmiyyətin inkişafından danışanda cinsi deyil, insan amilini əsas götürürdülər. 20-ci əsrin sonunda professor adı almış ölkədəki azsaylı fəlsəfə mütəxəssislərindən biri bir dəfə belə dedi: "Mən çox dözümlü insanam, hətta qadının fəlsəfəylə məşğul olmasına da dözürəm". Bizim xalqın özünün müstəqil, xaricilərin köməyi olmadan yetirdiyi ziyalı bundan artıq deyil. 20.ci əsrin əvvəlinin ziyalıları ilə onu necə müqayisə edəsən!? Fəlsəfənin çoxdan ayıb hesab etdiyi əvvəldən mühakimə, mədəni insanın özünə yaraşdırmayacağı cinsi ayrıseçkilik, "arvad nədi, onun fikri nə ola" kimi söhbətlər qədər bilikdən, biliyin anası olan şübhədən məhrumluq ölkəni başına alıb gedir. Lakin bizim məqsədimiz elmi bir araşdırmadır. Jan Bodriyar deyirdi: "Bir arzum var, elə bir kitab yazım ki, hər cümləsi "bəlkə" sözü ilə başlasın". Qərb professoru insanlar haqda işlətdiyi hər cümlədə bu qədər ehtiyatlı olmağa çalışırkən, niyə bizim ictimai rəy, niyə azərbaycanlı professor mollalar kimi dünyanın gərdişini lap yaxşı bildiyinə, artıq tam müdrik olduğuna bu qədər əmindir?!
20-ci əsrin əvvəlində Azərbaycanda müsəlman qızlarına oxumaq, yazmaq, elm, fəlsəfə, mədəniyyət öyrətmək üçün "Nicat" qadın maarifçilik cəmiyyəti yaradılıb, onun ruhlandırıcısı qadın yox, H.Zərdabi olub, C.Məmmədquluzadə ilk qadın jurnalı olan "İşıq"ın işıq üzü görməsi üçün çalışıb, C.Cabbarlı Azərbaycanda feminist klubun yaradılması təşəbbüsüylə çıxış edib, Əhməd bəy Ağaoğlu isə Azərbaycanda qadın haqları probleminin nəzəri əsasını qoyan şəxs hesab olunur. Ə.Ağaoğlu Bakıda Tağıyev qız məktəbinin açılışı barədə yazırdı: "Bundan sonra müsəlman qadınları ailəyə maarifin canlandırıcı şüasını səpmək imkanı qazanacaqlar... onlar gələcək nəsillərə, inkişafa, yaxınlarına, xeyirxah insanlara və işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı cəmiyyət ölümə məhkumdur". Qərbdə və Şimalda mədəniyyət, təhsil görmüş əsrin əvvəlinin ziyalısının indiki milli müstəqillik dövrünün ziyalılarından daha mədəni və mütərəqqi olması onların gender məsələsinə münasibətlərində də ifadə olunur. Oxuma-yazma bilməyən başıaşağı müsəlman qadınların arasında Azərbaycanda o vaxt ilk qadın jurnalı "İşıq"ın meydana çıxması mühüm hadisə idi, jurnalın üz qabığında qara çadralı qadın uşağının əlindən tutaraq ona çıxan günəşi göstərir. Vurğulamaq zəruridir ki, həmin şəkli kişi rəssam çəkmişdi. O vaxt cəmiyyətdə şok qarşılanan, redaktoru Xədicə Əlibəyova olan, iki illik bu jurnalın ideyası təkcə qadınların maariflənməsi deyil, hətta bərabər seçki hüquqları uğrunda mübarizə idi. Jurnalın müəllifləri öz qadın oxucularına belə müraciət edirdilər yazılarda: mənim bacılarım. Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Rusiyanın bəzi bölgələrinə də yayılırdı "İşıq" qadın jurnalı və onu yayanlar kişilər idilər. Sovet dövrünün ilk illəri müsəlman Şərq qadınını kişinin ayaqları altından götürüb ona ilk dəfə cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verdi. Bu, yerli əhaliyə o qədər yad idi ki, Sovet dövrünə məcburi feminizm dövrü adı vermişdilər. Qadın məsələsinin həlli sosializm mütərəqqiliyinin bir hissəsi idi. Lakin əvvəlcə Avropanın humanist ideyalarından tərbiyə almış ADR liderlərinin gender məsələsinə səmimi töhfələrini yada salaq. Hələ 1907-ci ildə Rusiyanın Dövlət Dumasında müsəlman fraksiyasının rəhbəri X.Xasməmmədov ölkə qadınlarına seçki hüququ verilməsi haqda qanun layihəsi təklif etmiş, müsəlman fraksiyası dəyişikliklə də olsa, bu qanunverici təşəbbüsü dəstəkləmişdi. Azərbaycan Şərqdə ilk dəfə gender ziddiyyətləri probleminin həllində rəyini bildirmişdi. ADR-in təsis yığıncağı seçkilərə hazırlıq prosesində qadınlara seçmək və seçilmək hüququ vermişdi. 1917-ci ildə Tiflisdə keçirilən Qafqaz Müsəlmanlarının birinci qurultayında Azərbaycan nümayəndəliyinə Şəfiqə Məmmədova daxil edilmişdi. Lakin qurultayda bu qadının çıxışı çox pis qarşılandı. Onu hörmətsizliklə tribunadan endirdilər. Bu da o dövrdə qadınların siyasi iştirakına münasibətin göstəricisi idi. Müsəlman qadını parlamentdə, qurultayda yox, mətbəxdə görmək istəyirdi. Aydınlanmış müsəlmanlar bunun yaramaz iş olduğunu anlayırdılar, məsələn, İran şahının əmrilə xüsusi direktiv feminizm həyata keçirilməyə başlanmışdı, lakin cəmiyyət bütövlükdə patriarxal ənənələrdən kənara çıxa bilmədi.
Azərbaycan gender tarixində 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli qadın xeyriyyəçiliyi dövrü kimi qalıb. İlk Azərbaycan qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikovanın təşəbbüsüylə yaradılıb. Azərbaycanlı zəngin qadınlar xeyriyyə aksiyaları keçirib bir qrup müsəlman qızının təhsili üçün ianə toplayırdılar. Ötən əsrin 20-ci illərində Qərb və Rusiyada geniş yayılmış feminist hərəkatdan təsirlənmiş Bakı neft sənayeçilərinin qızları və arvadları Rusiyadakı "bestujevkalar", "ravnopravkalar", Amerikanın toxucu qadınlarının xatirəsinə elan edilmiş Beynəlxalq qadın günü haqda xəbərlərdən təsirlənib öz həmcinslərini salındıqları qara vəziyyətdən qaldırmağa çalışırdılar. 8 martı qadın bayramı elan edən Kopenhagen konfransı Azərbaycanda qadın xeyriyyəçiliyi dövrünə təsadüf edir. Lakin bizim qadınların xeyriyyəçiliyi Qərbdə yayılmış qadın hərəkatının əsas tezisi ilə üst-üstə düşmürdü: Qərb qadınlarının "dünyaya xeyriyyəçilik gərək deyil, dünyaya ədalət gərəkdir" şüarı bizim kübar qadınlar üçün yad idi. Onların öz həmcinslərinin vəziyyətləri üçün narahatlıq hərəkatına başlamaları yerli acınacaqlı şəraitdən qidalanırdı. İlk maarifçilərin fədakarlıqla apardıqları işin çətinliyini təsəvvür etmək üçün aşağıdakı məlumata diqqət yetirin. İlk qadın məktəbinin açılışından 25 il sonra savadlılığın vəziyyəti belə idi: 1926-cı il demoqrafik siyahıyaalma nəticələrinə görə, Azərbaycan əhalisinin 81,5 faizi savadsız idi və qadınını, qızını evdən məktəbə buraxmaq istəmirdi. Əhalinin əsas kütləsi olan türklərin savadlılıq faizi cəmi 8,6 faiz, türk qadınlarının savadlılıq faizi isə 2,4 faizə enir. Yazısı olmayan kiçik xalqların savadlılıq səviyyəsi daha aşağıdır: 77323 talışdan yalnız 3 faizi, qadınlardan 0,1 faizi, yəni 37673 qadından ancaq 54-ü savadlıdır. 41193 kürddən cəmi 4,3 faizi, 19014 avardan 3,8 faizi, 8879 avar qadından ancaq 33-ü savadlıdır. (AZSSRİ Xalq Maarifçilik Komissariatın respublika qəzalarında savadsızlığın ləğvi haqqında hesabatı. AR dövlət arxivi F1114, s.3, iş323, v.152). 1920-ci ildə Bakı və onun kəndlərinin qadınları üçün Əli Bayramov adına qadın klubu açıldı. Ruslar zorla müsəlman qadınları ərlərinin, atalarının təpikləri altından qaldırıb ora gətirmək, oxutmaq, mədəniyyət öyrətmək istəyirdilər. Bu klub azərbaycanlı qadınlar arasında aparılan işin rəhbəri və nümunəvi mərkəzi oldu. Hətta, daha bir hətta 1924-cü ildə 8 martın müəllifi, Almaniya Komunist Partiyasının yaradıcısı Klara Setkin Əli Bayramov adına kluba gəldi. Həmin klubda etdiyi çıxışda oranı "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırdı, "Qafqaz od içində" kitabında K.Setkin yazır: "bu klub göstərir ki, müsəlman qadınlarda yüzillər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır" (Moskva, 1926, s.91-92, Az. milli tarix muzeyinin ən yeni tarix fondu).
Həlimə Axundova "İşıq" jurnalında "Müsəlman qadınların hüquqları" məqaləsində yazır: "Əgər biz insanıqsa onda bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım, qətiyyət göstərməyin vaxtıdır. Bizə bilik lazımdır."
Müqəddəs Nina məktəbini bitirmiş Mədinə xanım Vəkilova-Qiyasbəyli 1906-cı ildə Salahlı kəndində öz evində qadın məktəbi açmışdı. 1906-cı ildə Gövhər Cəfərzadə-Şövqiyyə də öz evində qadın məktəbi açdı, lakin çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub məktəbi bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun arvadı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. Ağ çobanyastığı günlərində Müqəddəs Nina gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə verilirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və qadını Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, pulsuz məktəb açırdılar, bu məktəb də polis tərəfindən eyni qorxu ilə bağlanıb. 1901-ci ildə H.Zərdabinin həyat yoldaşı Tağıyevin qadın məktəbinə başçılıq etdi, sonra yenidən yaşlı müsəlmanlar arasında sərbəst maarifçilik işi apardı, 1909-cu ildən sonralar Əli Bayramovun adı verilən məktəbə rəhbərlik etdi...
Bu tarixi araşdırdıqca təsəvvür etmək çətin deyil ki, rus kolonial təsiri, yüksək dünyagörüşü verən Qərb təhsili olmasaydı, sonradan SSRİ qurulmasaydı, bu xalq özü-öz şirəsində qalsaydı, qadının maariflənməsi, hüquqlarına sahib çıxması neçə on il yubanacaq, bəlkə hələ 2000-ci illərd başlayacaqdır. Əziyyətli yol keçmiş Azərbaycan, SSRİ vaxtı öz tarixi məqsədinə çatdı, bəs sonra nə oldu? O ləyaqətli və zəngin aydınların əməyi hara getdi? Bir əsr sonra onların xalqı yenə öz mahiyyətinə döndü: "qadının universiteti əri, iş yeri isə uşaqları olmalıdır", "arvad yıxan evdən Allahın xəbəri yoxdur", "arvada qulaq as, əksini elə", "qadının da pişik kimi sahibi olmalıdır", "məndən sonra bura bir qadın təyin olunsa, bu idarə çökəcək", "uşağı nəzarətsiz buraxmaq olmadığı kimi qadını da özbaşına qoymaq olmaz", "arvad yıxan evi fələk də tikə bilməz", "arvad qazıyan quyudan su çıxmaz" və s. yayğın ictimai rəy əsaslılığına görə "qarşınızdan qara pişik keçsə, işiniz uğursuz olacaq" deyimindən fərqlənmir. Qərb ölkəsində bir universitetin, nəşriyyatın, yazıçılar klubunun pilləkəninə ayaq qoyduğumuz zaman görürük ki, orada gənc, qoca, qadın, kişi, tələbə, müəllim, insan haqlarının yaratdığı şəraitdən bəhrələnərək bir-birilə yalnız bilikləri ilə yarışdığı, cins, irq, dil, din fərqlərinə görə bir-birinə münasibətini tənzimləyən ulu babalarını təbəssümlə xatırladıqları, mədəni bir atmosferdə yaşadıqları halda Azərbaycanda şüurlar ağ-qara, kişi-qadın, xeyir-şər binar ziddiyyətlərinin məngənəsindədir. Azərbaycanda insan ruhu əzab çəkir. Bu ölkənin gəncəcik yazıçısı deyir: "İki Nobel mükafatı almış kitab görsəm, birinin üstündə qadın, birinin üstündə kişi müəllif adı yazılıbsa, ikincini oxuyaram, əlbəttə." Naşirlər və yazıçılar arasında keçən son on ilimdə qadının nə zaman söhbət mövzusu olsa, yalnız cinsi kontekstdə müzakirə olunduğunu, dünyanın ünlü qadın yazarların isə əsərlərinə görə deyil, gözəl, ya çirkin olmalarına, şəxsi həyatlarına görə danışıldığını görürdüm və qadın cinsi ünvanına xoşagəlməz topdan mühakimələrə şahid olurdum. Hizbullah və Taliban zehniyyətinə uca dağların başındakı kəndlərdə deyil, özünə modernist və postmodernist deyən kişilərin arasında rastlanır bu ölkənin paytaxtında. Qadın əskik və zəifdir, zəkadan və qabiliyyətdən anadangəlmə şikəstdir onlar deyirdilər. Nə yazırıqsa yazaq, qadınlıq nə olan şeydirsə, şlaqbaum kimi yolumuzun qarşısını kəsəcək. Fəqət başqa yerdə yox, bu ölkədə! Zorakılıq və müharibələr əsri olan 20-ci əsrdən sonrakı yüzilin bir başlıca, aktual mövzusu var: insan haqları. Başqa sözlə desək, gender mövzusu bir neçə əsr davam edən və 21-ci əsrin həll etməyi qarşısına məqsəd qoyduğu insani mövzulardandır. Bu gün ABŞ-ın bütün universitetlərində qadın haqları məsələsi ilə məşğul olan ayrıca dissiplinlər fəaliyyət göstərir, Avropada kişilərin də qadın haqları tərəfdarı kimi danışdığı vaxt niyə bizim ölkədə insanlar üstündə böyüdüyü palazda aldığı tərbiyənin, huşsuz nənə-baba kəlamları, mif və hədislərin əsarətindən çıxara bilmir öz şüurlarını və qadına güvənsizlik kompleksi daşıyır? Bu ölkədə cəfəng adət-ənənələr mövcuddur və onlar tək qadını didib-parçalamağa hazırdır. Atalar öz qızlarını oğlana məktub yazdığına görə öldürürlər. C.Cabbarlı "Gülzar","Dilarə", "Dilbər" hekayələrində qeyri-insani Azərbaycan adət-ənənələrin qurbanı olan qadınların taleyindən danışır. "Gülzar" hekayəsində yazıq qız ormanda bir çoban tərəfindən təcavüzə məruz qalır, sonra onu sevən Mənsur ondan imtina edir və s. Qızın ərə getdiyi zaman bakirəliyi olmadıqda başını qatıqlayıb geri göndərmələri, atasının, qardaşının, yaxud əmisininsə bu qızı öldürməsi, yaxud intihar səviyyəsinə çatdırması Qərbdə yalnız dəhşətlə oxunulan roman ola bilər, bizim ölkədə isə əxlaqın, mentalitetin özüdür. Bu ölkənin əxlaq anlayışının mərkəzində qadının cinsiyyət orqanı dayanır və "ölkənin əxlaq anlayışı bir qaşıq qanla ölçülür" (S.Baycan). On minlərcə qadın bu şəkildə tariximizdə intihar etmişdir. Bu zehniyyət yalnız qadınları dişi olduqları üçün təhqir etmir. Bütün dişi heyvanları da aşağı varlıqlar sayır. "Mədəniyyət"imizdə "qancıq" sözünün necə aşağılayıcı söz olduğunu bilməyən yoxdur. Qorxunc və qeyri-insani tariximiz var. Qızın sevdiyi şəxslə birlikdə həyat qurmaq üçün getməsi Şərqdə əxlaqsızlıq sayılır, Qərbdə isə qadının haqqı. Boşanmaq Qərbdə insanın şəxsi həyatına aid şəxsi məsələdir, Şərqdə isə qadını didib-parçalama mövzusu. Törə razıdır ki, qadın ona işgəncə verən həyatda ömrü boyu gərginlik içində yaşasın, ancaq boşanmasın. Adət-ənənələr insanın başı üzərində qurulmuş dəmirxanadır. İnsanın təbii ehtiyacları: yemək, su içmək, cinsi ehtiyac... Qərbə görə, onlardan hər kəs özünün düzgün bildiyi şəkildə, başqalarına ziyan verməmək şərtilə istifadə etməyə haqlıdır, Şərqə görə isə onların hamısından özünün düzgün bildiyi şəkildə istifadə etmək olar, təkcə cinsi təbii ehtiyacını qarşılayarkən buna törə qərar verməlidir. Qərbdə qadının elm, sənət, təhsillə iç-içə olması onun şəxsi uğuru sayılır, Şərqdə isə uğursuzluğu. Qadına "özü üçün varlıq" kimi deyil, "kişi üçün varlıq" kimi yanaşıldığından, yalnız kişi tərəfindən qida, rifahla təmin olunmaqdan məhrum qalmış qadınların təhsil dalınca getdiyi haqda mühakimə formalaşıb. Öz-özünü ayaqda saxlayan, təhsil alan, işləyən qadın tək olduğu müddətdə natamam görülür, o yalnız bir kişiyə məxsus olduğu zaman xoşbəxt və tam sayılır. Azərbaycan əyalətində (əyalət bütün ölkə üzərində dominantlıq edir) qadınları müşahidə edən adam belə nəticəyə gəlir: burda qadın özü üçün varlıq deyil, kişi üçün varlıqdır. Onun kişi dünyasında funksiyaları var, onun son məqsədi kişidədir, kişisiz bu qadınlar heç bir məna kəsb etmirlər. Azərbaycan əyalətində kişi bəyan edir ki, qadını öz peşəsi olmadığından özündən aşağı saymır, ailə ilə məşğul olmaq da özü ləyaqətli peşədir, lakin ilk mübahisədə qışqırır: "Mənsiz yaşamaq üçün pul qazana bilməzdin". Azərbaycanda cinsi ayrıseçkilik əyalətin hər addımından hiss olunur. Qaşlarından tükləri qopartdığına görə qızlar döyülür. Bakı kəndlərində və Azərbaycanın rayonlarında qarşımıza bığı, saqqalı olan qızlar çıxır. Avropada belə bir məsələ qaldırıb qadın haqları müdafiəçiləri: kişilərə müraciət formasında onların evli, yaxud subay olduğuna dair informasiya verilmir, Miss, Misis, Frau, Frayleyn, Madam, Madmuazel müraciət formaları isə qadının adıyla yanaşı ailə vəziyyəti haqda ilkin informasiya yayır! Bu məsələni qaldıranlar uğura nail olublar və bu gün qadına müraciət formalarından biri saxlanaraq, onların ailə mənşəyinə dair informator olmasına son qoyulub. Belə şeylərə etiraz edən qərblilər çox təəccüblənər: törəyə görə, qaşlar qadının evli, ya subay olmasının göstəricisidir, bir kişi küçədə qadına baxarkən onun üzündəki tüklərdən dərhal subay, yaxud evli olduğuna dair passiv mesaj alır. Niyə qadının alnının ortasında onun cinsi vəziyyətinə dair informasiya olmalıdır?! Niyə bir qız ən təbii haqqı olan gözəl görünmək xatirinə qaşlarının şəklini dəyişməməlidir ki, birdən cinsi vəziyyətini səhv başa düşüb onunla evlənməzlər!? Bir kişiyə məxsus olmaq qadının yeganə mövcudluq formasıdırmı, yoxsa qadın özü-özü üçün də varlıq kimi mövcud ola bilər?! sualı bu ölkədə hələ də aktualdır. Qərbdə insan haqlarının pozulması, cinslərdən birinin digəri üzərində zorakılığı hesab edilən hallar Müsəlman Şərqində norma və mentalitet sayılır. Buna görə də Şərq və Qərb koloritini birləşdirməsi Azərbaycanda bir çox çağdaş demokratik cəmiyyət elementlərinin öz mövcudluğuna bəraət almamasına gətirir. Gender məsələsi, qadın mövzusu Azərbaycanda demokratiyanın real fəth edə bilmədiyi, törə ilə baş-başa gəlib dayanmalı olduğu yeganə ərazi olaraq qalır. Belə bir mənzərədə Azərbaycanın qadın haqları üzrə BMT məramnamələrini imzalaması ölkənin real halını deyil, yalnız çatmaq istədiyi halı əks etdirir. Konstutusiyada qəbul olunmuş insan haqları prinsipləri hələ ki cəmiyyətin milli və konfessional dəyərləri, psixologiyası və tarixi inkişafı ilə zəif əlaqədədir. "III minillik "qadın keyfiyyətlərini" get-gedə daha çox tələb edir, ənənəvi "kişi keyfiyyətlərinə" ehtiyac azalır. Nə vaxtsa kişinin fiziki gücünü səfərbər edən aqrar və sənaye dövrü başa çatır, əvəzində işdə intuisiya, diqqət, səliqə tələb edən informasiya texnologiyalarının "qadın əsri" başlayır. Əslində "kişi" və "qadın keyfiyyətləri"nə tələbat qalır, dəyişən sadəcə onların nisbəti məsələsidir. Amma təəssüf ki, bizim ölkədə adamlar bunu anlamamaqda qərarlıdırlar" (Əli Abbasov, "Gender müntəxəbatı", Adiloğlu, 2004)şİndi bizim məqsədimiz Azərbaycan üçün qadına etibarsızlığın və kişimərkəzçiliyin ictimai fikir tarixindəki səbəb həlqələrini elmi şəkildə müəyyənləşdirməkdir. Dünyagörüşün üç forması var: mif, din, fəlsəfə. Azərbaycan mifləri, dinlər, ya Azərbaycan fəlsəfə tarixidir qadına inamsızlığın və kişimərkəzçi təfəkkürün əsasını qoyan? Bir çox xalqların mifik dünyagörüşünün əksinə, Azərbaycan miflərində qadın və kişilər bədxah və xeyirxah qüvvələr kimi cinslərinə görə bir-birlərinə qarşı dayanmır. İnsanlar cinslərindən asılı olmadan mənəviyyatlarına və əqidələrinə görə bir-birlərinə qarşı dururdular. Nağıllarda şər qüvvələrin məhvində qadın zəkasının gücü təsbit olunur: Məlikməmmədin məhv etməyə çalışdığı divin canının şüşədə olduğunu məhz qızın xəbər verməsi buna misal ola bilər. Azərbaycan miflərində şər problemi ümumiyyətlə insanın əxlaqi problemi kimi götürülür. Astral miflərdə sitayiş obyektinə çevrilən ulduzlar, bir zamanlar cəmiyyətdə öz ləyaqətini qorumaq üçün ulduza və quşa çevrilən qadınlardır. Məsələn onlardan biri Avestada Anahida kimi tanınan Nahid dan ulduzunun kultudur. Azərbaycanda Şomutəpə, Qarğalar təpəsində tapılan gümbəzvari evlərdə qadın bütlərinin ocağın başında möhkəmləndirilməsi bu kultların davam etdiyini göstərir. Türk mifologiyası panteonunda ikinci qüdrətli allah Humay adlanır, "Humay tək anam xatunun bəxtinə" kimi ifadələr var. Azərbaycan düşüncəsinə təsir göstərmiş dinlərdən biri zərdüştilikdir. Bu dində qadınlar da kişilərlə bərabər xeyir tanrısı Ahuranın Zərdüşt peyğəmbər vasitəsilə göndərdiyi müqəddəs elmi öyrənib etiqad etməyə və cəmiyyətdə uğurlu fikir, söz və əməlləri ilə xeyir verməyə borcludurlar. Zərdüştilik ənənələrinə görə ilk qadın və kişi vahid bir candan ayrıldıqlarından onların vəhdəti cəmiyyətin, ailənin, dövlətin yaranmasına səbəb olur. Zərdüştün cəmiyyətində qadın-kişi ayrıseçkiliyi yoxdur. Zərdüşt peyğəmbər insanlara cinsi mənsubiyyətindən asılı olmayaraq, "ey insanlar" şəklində müraciət edir. Bu isə gender bərabərliyidir. Deməli, Azərbaycan miflərində və Avestada qadını kişiyə qurban etmək kimi təqsirlər yoxdur. "Kitabi Dədə Qorqud"da kişi-qadın surətləri məhz keçmiş türk həyat tərzində qadınların kişilərlə bərabər yer tutmalarının əyani sübutudur. Uzaqlaşdığımız həyat tərzi düşüncə və milli mentalitetimizin mənbəyi olan bu dastanda qadın azadlığı müasir dünya qanunlarının tələb etdiyi insani şəkildədir. Azərbaycan fəlsəfə tarixi də insan sözü altında qadın və kişini bərabər payda tutub.XX əsrin rus maarifçisi N.Q.Çernışevski ilə eyni mövqedən çıxış edib Azərbaycan fəlsəfi fikri: "Qadın təbiətən nə qədər sadiq, güclü, zəkalı olub, lakin cəmiyyət bu zəkadan istifadə etmir, onu rədd edir, onu sıxışdırır, onu boğur, halbuki, bu zəka rədd edilməsəydi, əzilməsəydi, fəaliyyət göstərsəydi, bəşər tarixi on qat artıq sürətlə inkişaf edərdi." Qadın istismarı Azərbaycanın öz fəlsəfi fikrində yoxdur. Hətta orta əsrlərin filosoflarından Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Şihabəddin Sührəvərdi, Eynəlqüzat Miyanəci... heç birində qadın cinsinin aşağılanmasına əl qoyan, qadın əleyhinə ictimai fikir formalaşdıran bir mühakiməyə belə, rast gəlinmir. Azərbaycan fəlsəfə tarixinin yeni maarifçilik dövründə isə kişilər qadın haqları uğrunda Qərb feministlərilə paralel vaxtda mübarizə aparırdılar. Sarbon Universitetinin məzunu, "Azərbaycan ədəbiyyatını oxumağa sərf etdiyim vaxtı boşuna getmiş sayıram" kimi dahiyanə cümlənin müəllifi Əhməd bəy Ağaoğlu Şərqdə qadının vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıyanları araşdırır, "İslama görə və İslamda qadın" məqaləsində yazır: "İlkin İslamda, eləcə də İslam dövründəki türk mədəniyyətlərində qadının kişilərlə geniş haqq bərabərliyi olub. Bu bərabərliyin pozulması orta əsrlərin tənəzzül dövrlərində başlayır." H.Zərdabi: "Qadın haqlarının bərqərar olması üçün başlıca maneə mürtəce ruhanilərdir və onlarla bu məsələdə mübarizə birinci dərəcəli vəzifədir" deyir. M.Ə.Sabir "dilsiz-ağızsız", "körpə qızlar"ın maarifləndirilməsi uğrunda mollaların rəzalətlə dolu dünyasını ifşa edir. C.Məmmədquluzadə "Molla Nəsrəddin"də yazır: "Müsəlmançılıq aləmi bina olandan indiyə kimi mollalarımız hər yanda deyiblər ki, qızlara yazı-pozu öyrətmək haramdır. Ay cənab molla, Allah-təala bə niyə buyurub ki, elm vacibdir həm oğlana, həm qıza?" Azərbaycan fəlsəfə tarixini bütün yeni dövrü boyu narahat edən əsas problemlər qadın azadlığı, Şərqdə qadına münasibət, qadının həyatı, insanlıq ləyaqəti, feodal-patriarxal törənin qadın hisslərinə və ağlına etinasızlığının tənqidi idi. "Qəssab" hekayəsində bir kilo yağlı ət gənc qızın taleyini həll edir, "Xanın təsbehi"ndə xanın özü yox, təsbehi belə, qadın hüququnu tapdalamağa qadirdir. Belə baxanda bütün 19-20-ci əsrlər Azərbaycan ədəbiyyatı və fəlsəfəsinin əsas mərkəzi problemi qadın haqları olub, ədəbiyyat və fəlsəfə cəmiyyətin cəfəng adət-ənənələrinin boğazından yapışıb ondan qadının haqqını tələb edib. A.Şaiq "Şərqin gözəli" şeirində: "Qalx qiyam elə, ey Şərqin gözəli, qır səni inlədən o kirli əli". Demək, nə miflər, nə ədəbiyyat, nə fəlsəfədə deyil zəif bənd. Xristianlıq və İslam qadının haqqını pis ödədi. Qadının ən gözəl qabiliyyətlərindən olan bəhər vermək qabiliyyəti kritik günləri "qadının murdar olması" kimi qiymətləndirilir, belə qadına Allahıyla mənəvi ünsiyyətə girmək belə yasaqlanır. Bu dişi məxluq kişi məxluqun qabırğasından yaradılıb. Ona görə də bu dişi məxluq yaradılış etibarilə müstəqil ola bilməz. Onun müstəqilliyinin adı əxlaqsızlıqdır. Bu zehniyyət bir həyat tərzinə dönüşdü uzun tarix boyu. Dini dünyagörüş qadını diskriminasiya edir, onu kişidən sonra ikinci dərəcəli hesab edir. Lakin burdan bir sual doğulur ki, axı İsa peyğəmbər də Məryəmin qolunun altından doğulub. "Qadın kişidən yarandığı kimi, kişi də qadın vasitəsilə yaranır və hər şey Tanrıdan törəyir" kəlamı Bibliyada əks olunub. Qadın Adəmin qabırğasından yaranıbsa, ikinci dərəcəlidir fikrinə etiraz edənlər tapılırdı: Adəm qaralama olub, Tanrı qadını daha təcrübəli əllə kamil yaradıb. Hər bir arqument dərhal öz arxasınca kontr-arqumenti gətirirdi, lakin onların hər ikisi əsassız olurdu... Qadın əleyhinə ilk fikirlər Azərbaycan torpağında İslamın gəlişindən sonra başlanır. Qadının ikinci dərəcəli bir varlıq kimi müfti, axund olmağa layiq görülməməsi, "namaz qılarkən qarşınızdan eşşək, it və qadın keçsə, namaz batil olur", "işlərini qadına tapşıranlar heç vaxt xeyir görməyəcəklər", "xəyanət qadının mahiyyətindədir" kimi Peyğəmbər adından ortaya çıxarılan hədislər, N.Tusinin İslam fəlsəfəsi bayrağı altında yazılan "Əxlaqi-Nasiri" əsərindəki "arvad döymək qaydaları" adlı ayrıca bölmə və s. bu ölkəyə qadına qarşı qanuni zorakılıq gətirdi. Realist Azərbaycan şairi Xaqani Şirvani 12-ci əsrdə yeni doğulmuş qızının ölümü münasibətilə yazır:
Yenicə doğulan qızım gördü ki, Qarşıda gözlənir min bəla, öldü. Qeybdən gələn töhfə duydu ki, Dərdlərə olacaq mübtəla öldü. O kiçik gövhərim yaxşı anladı Ki, çox pis yaranmış bu dünya, öldü. O böyük qızımı hicabda görcək Dedi: kifayətdir bu cəfa öldü.
Aydındır ki, əsərin motivi Xaqaninin qadınlara zülm edilməsinə, onların əsarətdə saxlanmasına etirazından ibarətdir. Qız doğulan kimi bacısını hicabda görür və qadınları azad görmək istəyən atası Xaqaniyə bir cəfa kifayətdir, ona ikinci cəfanı çəkdirməyim düşünərək ölür. Qadınların xoşbəxt yaşaması üçün əlverişsiz "dünya"da şəraitdə yeni doğulmuş qızın özü və ailəsi üçün vəziyyətdən ən yaxşı çıxış yolu ölməsi idi. 12-ci əsrdəki vəziyyət bu gündə dəyişməyib və kişilər qadının faciəsini aydın dərk edirlər, ona görə də qadın kimi yaşamağın çətinliyini görərək qızlara "Bəsti", "Qızbəsti","Qızyetər", "Qıztamam", "Yetər", "Kifayət" kimi adlar qoyulması yashadigimiz mühitdə qadına verilən qiymətin bariz sıbutudur.
***
Yenicə doğulan qızım gördü ki, Qarşıda gözlənir min bəla, öldü. Qeybdən gələn töhfə duydu ki, Dərdlərə olacaq mübtəla öldü. O kiçik gövhərim yaxşı anladı Ki, çox pis yaranmış bu dünya, öldü. O böyük qızımı hicabda görcək Dedi: kifayətdir bu cəfa öldü.
Aydındır ki, əsərin motivi Xaqaninin qadınlara zülm edilməsinə, onların əsarətdə saxlanmasına etirazından ibarətdir. Qız doğulan kimi bacısını hicabda görür və qadınları azad görmək istəyən atası Xaqaniyə bir cəfa kifayətdir, ona ikinci cəfanı çəkdirməyim düşünərək ölür. Qadınların xoşbəxt yaşaması üçün əlverişsiz "dünya"da şəraitdə yeni doğulmuş qızın özü və ailəsi üçün vəziyyətdən ən yaxşı çıxış yolu ölməsi idi. 12-ci əsrdəki vəziyyət bu gündə dəyişməyib və kişilər qadının faciəsini aydın dərk edirlər, ona görə də qadın kimi yaşamağın çətinliyini görərək qızlara "Bəsti", "Qızbəsti","Qızyetər", "Qıztamam", "Yetər", "Kifayət" kimi adlar qoyulması yashadigimiz mühitdə qadına verilən qiymətin bariz sıbutudur.
***
هیچ نظری موجود نیست:
ارسال یک نظر